İnnovasiya nədir?
İnnovasiya - yeniliyin məzmunu və reallaşmasıdır. Bu termindən iqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə geniş istifadə etməyə başlamışlar. İnnovasiyaların, yeniliklərin yaradılması müxtəlif elm sahələrində spesifik cəhətlərlə müəyyən edilir. Amma müxtəlif sahələrdə intellektual yeniliklərin yaradılması, ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb proseslərin müəyyən ümumi tərəfləri də mövcuddur. Hətta bu proseslərin alqoritmi də mövcuddur. TRİZ (teoriya reşeniye tvorşeskix zadaç), ARİZ (alqoritm reşeniye izobretatelnıx zadaç) kimi nəzəriyyə və metodikalar bu gün dünyada çox geniş yayılmışdır. Yaponiya, Cənubi Koreya və s. innovasion inkişaf yolu tutan ölkələr xeyli müddətdir ki, bu fənləri orta məktəblərdə tədris edirlər. Universitetlərə qəbul zamanı abituriyentlər bu fəndən imtahan verirlər.
XXI əsrin tələbləri baxımından təhsildə ənənəviliyin uğurları qorunub saxlanılmaqla innovasiyalar yeni pedaqoji texnologiyaların tətbiqini zəruri etdi. Elə bu səbəbdən yüzlərlə yeni anlayışlar innovasiyalar kimi təhsilimizə daxil olmuşdur. Həyati bacarıqlara əsaslanan təhsil, kurikulum, elektron məktəb, İKT, distant təhsil, fəal (interaktiv), təlim, portfolio, boloniya prosesi, müəllimlərin dərslərinin kliniki müşahidəsi və s. anlayışların mahiyyətini bilmək vacibdir.
Dünya təcrübəsinin öyrənilməsi təhsildə innovasiyaların uğurlu tətbiqində başlıca amil kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında demişdir: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında, inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm orta, həm də ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”. Konseptual səciyyə daşıyan tələblərin reallaşdırılması təhsilimizin dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə inteqrasiyasına təminat verəcəyinə əminlik ifadə edirəm. İnnovasiya anlayışının mahiyyətini dərk etmədən onun təhlili, tərkibi və dəyərləndirilməsində müəyyən çətinliklər yaranacıqdır.
“İnnovasiya” termini latın dilində “innovato” sözündən olub, “yeniləşmə” və “yaxınlaşma” deməkdir.
İnnovasiya yüksək səmərəliliyə malik yeniliyin tətbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi kimi şərh olunur. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir. Təhsildə innovasiyanın reallaşdırılması, məhz qeyd olunan xüsusiyyətlər bu sahəyə tətbiq olunması ilə bağlıdır.
Təhsil sektorunda innovasiya fəaliyyəti
Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə modernləşmənin əsas məqsədi bu gün reallaşan kütləvi təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır. İnkişaf etmiş ölkələrin təhsil sistemləri qlobal tendensiyalara uyğun inkişaf edir. Qlobal tendensiyalar isə dünyanın yeni inkişaf səviyyəsi ilə müəyyən edilir. Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil strategiyaları və inkişaf proqramları hazırlanmış, hazırda icra edilməkdədirlər. Bu gün təhsildə strateji yanaşma digər fəaliyyət sahələrinə nisbətən vacibdir. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq olunmuşdur. Hesab edirik ki, bu strategiyanın icrası innovativ ideyalar əsasında milli təhsilin inkişafına dəstək verəcək.
Müasir zamanda innovasiyaların yaranmasına səbəb olan müəyyən tendensiyalar var:
* tədris prosesinin humanistləşməsi;
* uşaqların təhsilləri və gənc nəslin inkişafı keyfiyyətinə verilən yüksək tələblər;
* mədəni-mənəvi dəyərlərə yönəlmə;
* təhsil müəssisələri arasında rəqabətlilik münasibətləri.
İnnovasiyaların idarə edilməsi
Hər bir təhsil müəssisəsi yeniləşmə prosesində 3 mərhələdən keçir:
* təşəkkül (yeni təhsil müəssisəsinin, yeni kollektivin yaranması və ya kollektivin böyük hissəsinin təzələnməsi mərhələsi);
* fəaliyyət (təlim-tərbiyə prosesinin ənənəvi, stabil proqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi);
* inkişaf (təlim-tərbiyənin köhnə məzmunu və mövcud pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə cavab vermədiyindən yeni məzmun, forma və texnologiyaların yaradılması və tətbiqi mərhələsi).
İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Bu fərqlər özünü idarəetmədə də göstərir. Ənənəvi iş rejimində müsbət nəticə verən pedaqoji texnologiyalar bəzi hallarda yeni-innovasion iş rejimində arzu olunan nəticələr verməyə bilər. Təhsil müəssisələrində innovasion fəaliyyətin əsas subyekti müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə prosesidir. İnkişaf etmiş təhsil müəssisələrində idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil prosesinin obyekti təhsilalanlardır. Tədqiqatçıların və təhsil müəssisəsi rəhbərlərinin əsas vəzifəsi təhsilin proqnozlaşdırılan nəticələrinə maksimum yaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində tətbiq edilən hər bir innovasiya prosesi idarə edilməlidir.
Hər bir innovasiya, yenilik, yeniliyin tətbiqi öz inkişafı prosesində müəyyən mərhələlər keçir: ideyanın yaranması, məqsədin formalaşması, yeni ideyanın konkretləşməsi (formalaşması), yeniliyin reallaşdırılması, yayılması, yeniliyin "adiləşməsi", "köhnəlməsi".
İnnovasion rejimdə təlim-tərbiyə prosesinin bütün iştirakçılarının - müəllim və şagirdlərin fəal şəxsi özünütəyin prosesi gedir. Bu, insanların qarşılıqlı münasibətlərinin xarakterində öz əksini tapır. İnnovasiyaların həyat mərhələləri yeniliyi qəbul edən kollektivin inkişaf mərhələləri ilə sıx bağlıdır.
Təhsil müəssisələrində innovasiyaların yaranmasının 5 yolu mövcuddur:
1. Müəssisəyə məxsus yeni təcrübənin yaranması;
2. Kənar təcrübədən istifadə;
3. Elmi araşdırmaların nəticəsi;
4. Eksperiment;
5. "Sınaq və səhv" yolu.
İnnovasion prosesə daxil olan kollektiv, bir qayda olaraq, öz inkişafında bir neçə mərhələ keçir. Cəsarətsizlik-"əməkdaşlığın" stabilliyi-yetkin kollektiv. Son iki mərhələ-innovasiya prosesininkollektiv tərəfindən yüksək dərki mərhələsidir. Bu, kollektivin hər bir üzvünün bütün mərhələlərdə iştirakı ilə təyin edilir. Kollektivin cəsarətsizlik mərhələsindən yetkinlik mərhələsinə inkişafı innovasiya tsikillərin dəyişmə sürətindən asılıdır. İnnovasiya proseslərini idarə edən menecerin ilkin vəzifəsi innovasiyalara olan münasibəti öyrənmək, bu barədə fərqli münasibət və rəyləri toplamaqdır.
Yeniliyin yaranması və tətbiqi bu yeniliyə olan mürəkkəb münasibətlər sistemi ilə xarakterizə edilir. Statistik məlumatlara görə, yeni ideyaların yaranma mərhələsində təhsil müəssisəsi kollektivi üzvləri yeniliyə motiv dərəcəsindən asılı olaraq bu qruplara bölünürlər:
1. Liderlər qrupu (1-2%).
2. Müsbət yanaşanlar qrupu (50%).
3. Neytral olanlar qrupu (30%).
4. Mənfi yanaşanlar qrupu (20%).
Yeniliyin mənimsənilməsi və tətbiqinə zəif motivləşən insanlar bu yeniliyə müxtəlif formalarda müqavimət göstərirlər. Təcrübə göstərir ki, pozitiv nəticələr insanların yeniliyə qarşı münasibətlərini dəyişir. Yeniliyə "köklənmə" şəxsiyyətin fərdi xüsusiyyətlərindən -sinir sistemi tipindən, refleksiya dərəcəsindən, həyacanlanma səviyyəsindən, kreativliyindən, səriştəliliyindən, özünüqiymətləndirməsindən və s. amillərdən asılıdır.
İnnovasiya prosesini idarə edənin əsas vəzifəsi 3-cü və 4-cü qrupda olan insanları yüksək motivləşmə zonasına keçirməkdir. Məhz bu səbəbdən, yeniliyin tətbiqi zamanı məlumatlandırma, təlimatlandırma mühüm rol oynayır. Bu zaman hər bir iştirakçı öz vəzifəsini, missiyasını düzgün dərk edir. Əgər insan öz missiyasını, vəzifəsini düzgün dərk edirsə, onda özünütəyin, özünüifadə, özünürealizə prosesləri başlayır, onun stereotipi dəyişir, özünüinkişaf baş verir.
Təhsil müəssisəsi üçün müasir innovasiya prosesləri, innovasiyaların idarə edilməsi kifayət qədər mürəkkəbdir, bu səbəbdən innovasiyalar sahəsində səriştəli məsləhət xidmətlərinə ehtiyac var (təəssüf ki, ölkəmizdə təhsil innovasiyaları, ümumən təhsil xidmətləri sahəsində konsaltinq şirkətləri yoxdur, yəqin ki, səriştəli məsləhətə ehtiyac olmayıb). Bu prosesdə məqsədi təyinetmə, təhlil, planauyğun addımlar, pedaqoji texnologiyalar, yeniliyin təşkili, ekspert nəzarəti, bir sözlə, innovasion idarəetmənin bütün elementləri iştirak edir. Çalışmaq lazımdır ki, daha çox özünənəzarət vəözünütənzimləmə elementləri olsun, nəinki kənardan tənzimləmə. İnnovasiya proseslərini idarə edərək son nəticədə kollektivin inkişafını idarə etmək mümkündür.
Hər bir innovasion proses ehtimallı xarakter daşıyır. İnnovasiyaların nəticəsini proqnozlaşdırmaq asan deyil, risk dərəcəsi yüksəkdir. Layihələndirmə və modelləşdirmə mərhələsində bir çox səhvlərdən xilas olmaq üçün yeniliyin analitik əsaslandırılması və innovasion sınaq proqramının tərtib edilməsi məqsədəuyğundur. İnnovasion sınaq proqramını eksperimenti həyata keçirən fərd (layihə qrupu) hazırlayır. Bu proqram daha sonra ekspertlər tərəfindən təhlil edilməlidir.
İnnovasion sınaq proqramına verilən rəyə, əslində yeniliyin tətbiqinə dair rəy kimi də baxmaq olar. Rəydə bu məsələlər öz konkret əksini tapmalıdır: proqramın məzmununun tamlığı, onun hissələrinin və bloklarının struktur əlaqələri və ardıcıllığı, məntiqliyi, konstruktivliyi, səhvlər, nöqsanlar, çatışmazlıqlar, əsaslandırılmış təkliflər və proqrama əlavələr, yekun ekspert rəyi ( rəydə birmənalı olaraq bildirilir ki, yenilik təklif edilən variantda tətbiq edilə bilər, yoxsa bütün nöqsanlar və səhvlər bir daha yenidən işlənilməlidir). Təhsil müəssisəsinin innovasiya fəaliyyəti proqramı müəyyənləşdikdən və əsas gözlənilən nəticələr proqnozlaşdırıldıqdan sonra müəssisənin rəhbərləri təşəbbüs qrupu ilə birgə məqsədli kompleks proqram hazırlaya bilər. Bu proqram təşkilati tədbirlərdən və innovasiyaların reallaşdırılması mərhələlərindən ibarət olacaqdır.
Yeniliyin tətbiqi mərhələsinin təşkili
Məqsəd: Təhsil müəssisəsində innovasiya proseslərinin müəyyən edilməsi, formalaşması və inkişafı üçün şəraitin yaradılması. Yeniliyin tətbiqi şəraitində TM-nin iş sistemi modeli və texnologiyasının qurulması.
İşin təşkilinin məqsədyönlü forma və tədbirləri
1. Kadrlarla işin təşkili
1.1. Rəhbərlik səviyyəsində müşavirə.
Məqsəd: innovasiyanın tətbiqi strategiya və taktikasının hazırlanması
1.2. Elmi (pedaqoji) şura.
Məqsəd: eksperimentin təşkili barədə qərar qəbulu, kollektiv üzvlərinin innovasiyaların tətbiqinə şərait yaradılmasına həvəsləndirilməsi
1.3. İstehsalat müşavirəsi.
1.4. Yaradıcı qrupun iclası.
1.5. Özünütəhsil üzrə iş.
2. Valideynlərlə iş.
Məqsəd: valideynlərin eksperimentin məqsəd və vəzifələri ilə tanış edilməsi, eksperimentin təşkili və icrasında onlarla müştərək fəaliyyət.
3. Rektoratın (Təhsil müəssisəsi şurasının) iclası.
Məqsəd: eksperimentin başlanması barədə qərarın qəbul edilməsi
4. Baza müəssisəsi və təşkilatları ilə əlaqə.
5. Nəzarət, təhlil, tənzimləmə.
Məqsəd: informasiya toplanması və eksperiment proqramının reallaşma gedişatının ilkin təhlili
6. İnformasiya təminatı.
Məqsəd: innovasiyanın tətbiqi prosesinin idarə edilməsi üçün məlumatın toplanması.
Kollektivin proqram fəaliyyətinin məqsəd və vəzifələri TM-dəki mövcud vəziyyətin müfəssəl təhlili və inkişafı proqnozlarına əsasən hazırlanmalıdır.
Proqramın məqsəd və vəzifələri TM-nin bütün struktur bölmələri ilə razılaşdırılmalı, kollektivin əksəriyyəti tərəfindən dəstəklənməli, yeni şəraitə uyğunlaşmalı, real olmalı, motiv və stimul səviyyəsini yüksəltməli, nəzarətə imkan verməlidir.
TM-də innovasiya prosesləri son nəticələrin proqnozları nəzərə alınmaqla idarə edilməli, prosesin aralıq nəticələri kollegial formada müzakirə edilməlidir.
Təhsil İnnovasiyaları bankının formalaşması
Yeniliklərin tətbiqini idarə etmək üçün innovasiyalar bankı yaradılmalıdır. Bu məqsədlə innovator hər bir yeniliyə dair xüsusi formada blank hazırlamalıdır. Tərtib edilən blank bu bölmələri əhatə etməlidir.
1. Problem. Ənənəvi təlim-tərbiyə praktikasının hansı ziddiyyətlər səbəbindən yenisi ilə əvəzlənməsinə ehtiyac olduğu müəyyən edilməlidir (yəni, innovasiya hansı zərurətdən yaranır?).
2. İnnovasiyanın, yeniliyin məqsədi. Məqsədi konkret , dəqiq ifadə etmək üçün problemin ikinci hissəsinə diqqət yetirmək lazımdır. Bilinməlidir ki, işin sonunda nə əldə edilməlidir.
3. İnnovasiyanın, yeniliyin mahiyyəti. Məqsədə çatmaq üçün həlli zəruri olan, qarşılıqlı əlaqəli vəzifələr kompleksi müfəssəl təsvir edilməlidir.
4. Yeniliyin tətbiqinin proqnozlaşdırılan nəticələri. Proqnozlaşdırılan nəticə əldə edilməli olan nailiyyətin konkret göstəricilərini əks etdirməlidir: mümkün müsbət nəticələr, mümkün itkilər, risklər, neqativ nəticələr, onların aradan qaldırılması yolları.
5. Biliklərin tətbiq sahələrinə görə innovasiyaların təsnifatı. Yeniliyin hansı bilik sahələrinə aid problemləri həll etdiyi xüsusi göstərilməlidir.
6. İnnovator. Məlumat-blankda innovasiyanı kimin tətbiq etdiyi barədə xüsusi qeyd olmalıdır. Bu innovasiyaya nəzərən innovatorun kim olduğu - müəllif, istifadəçi, təşviq edən və s. kimi məlumat qeyd edilməlidir.
7. Yeniliyin hansı mərhələləri keçməsi göstərilməlidir:
1. ideyanın formalaşması;
2. məqsədin müəyyənləşməsi;
3. innovasiyanın hazırlanması;
4. təcrübi sınaq və eksperiment;
5. innovasiyanın yayılması;
6. mövcud struktur çərçivəsində innovasiyanın reallaşması.
8. Yenilik eksperimental sınaqdan keçmişdir. Tədris ili ərzində və sonrakı müddətdə neçə dəfə sınaqdan keçməsi göstərilir.
9. İnnovasion eksperiment. İnnovasion təhsil eksperimenti əsasən 3 mərhələdə olur:
Müəyyənləşdirici eksperiment-nəticələrin qeydiyyatı prosesinin izlənməsi;
Dəqiqləşdirici eksperiment-nəticələrə müvafiq olaraq hipotezanın dəqiqləşdirilməsi;
Formalaşdırıcı eksperiment- pedaqoji texnologiya və gözlənilən nəticələrin formalaşdırılması və təsviri.
İnnovasion eksperimentin iki tipi var: fəal, passiv. Fəal eksperiment laborator və istehsalat xarakterli ola bilər. Passiv eksperiment isə pedaqoji müşahidədir.
10. Tətbiq və işlənmə mərhələsindəki problemlər. Bu, innovasiyanın tətbiqinə mane olan problemlərdir.
11. Eksperimental nəzarətin icraçıları. Eksperimentator qismində mütəxəssislər- müəllimlər, digər TM-nin rəhbərləri, metodistlər, alimlər və s. ola bilər.
12. İnnovasiyanın qiymətləndirilməsi.
13. Əlavə daha hansı problemlər həll edilməlidir.
14. İnnovasiyanın əhəmiyyəti barədə qeydlər.
Qeyd edilən blank innovasiya proqramı və yeniliyin tətbiqi ekspertizasının nəticələri əsasında doldurulur. İnnovasiyalar bankı yarandıqdan sonra nəticələr ciddi təhlil edilməlidir. Yalnız bu halda TM rəhbərliyi innovasiyaların korreksiyası və tənzimlənməsi proqramını həyata keçirə bilər.
Təhsil innovasiyaları bankı yaradıldıqdan sonra innovasion fəaliyyətin ekspertizası, innovasiya proseslərinə nəzarət, təhlil və tənzimləmə məsələləri həll edilməli, pedaqoji kollektivin innovasion potensialının inkişafı şərtləri müəyyənləşməlidir.
Bu yazı plagiatdır mənbə : http://www.anl.az/down/meqale/az_muellimi/2014/yanvar/350556.htm
ОтветитьУдалитьPlagiat ciddi qanun pozuntusudur, əgər müəllifə istinad yoxdursa. Belə qanunsuz işlərlə öz yaxşı işlərinizə də kölgə salırsınız.
Удалить